Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunan "-28, +4466" sənədli filmində Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin Azərbaycan turizminə göstərdiyi diqqət və qayğıdan, 1970-ci illərdən sonra Azərbaycanda turizmin inkişafından, Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yeni turizm obyektlərinin tikintisindən söhbət açılır.

Ssenari müəllifi Rüfət Həmzəyev olan filmdə eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı zaman Turizm və Ekskursiyalar Şurasının sədri Aleksey Abukova iradından, tez bir zamanda Abukovun səhvini düzəldərək, Heydər Əliyevə məruzə etməsindən də bəhs olunur...

Qeyd edək ki, Azərbaycanda turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqətinin və qayğısının nəticəsində mümkün olmuşdur. Turizm işinin təşkili üçün Azərbaycan əlverişli coğrafi şəraiti, tarixi-memarlıq və mədəniyyət abidələri, qonaqpərvərliyi, milli adət və ənənələri, zəngin, ləziz mətbəxi və digər amilləri seçilməsinə baxmayaraq, 1950-1960-cı illərdə SSRİ məkanında turizm infrastrukturunun ən zəif inkişaf etdiyi bölgələrdən biri idi. 

Həmin dövrlərdə məzuniyyət və istirahətlərini Qafqazda keçirmək istəyən xarici turistlər və SSRİ-nin müxtəlif regionlarından, iri sənaye şəhərlərindən olan insanlar əsasən, Gürcüstana, Qara dəniz sahilində yerləşən kurort şəhərlərinə və Şimali Qafqaz kurortlarına üstünlük verirdilər. 

30 may 1969-cu il tarixdə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və ÜHİMŞ (Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası) birlikdə "Ölkədə turizmin və ekskursiyaların inkişafı tədbirləri haqqında" qərar qəbul etdilər. Həmin il Azərbaycan KP MK, Azərbaycan Respublikası Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqları Şurası analoji qərar qəbul etdi. Respublikamızda turizmin inkişafına təkan verən bir qərarın qəbul olunmasının və həyata keçirilməsinin əsas təşəbbüskarı isə həmin il Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyev idi. Bu qərarda respublikada turizm və ekskursiya işinin inkişafı, kütləvi turizmin təşkili, turist-ekskursiya təşkilatlarının işinin yaxşılaşdırılması və şəbəkəsinin genişləndirilməsi, turist-ekskursiya işinin zəhmətkeşlərə iri xidmət sahəsinə çevrilməsi yönümündə tədbirlər görülməsi haqqında əlaqədar nazirliklərə, komitələrə və təşkilatlara göstərişlər verildi. Şəhərətrafı istirahət zonaları, turist-sağlamlıq düşərgələri, uşaq turist stansiyaları yaratmaq, turist ləvazimatı və inventarlarının kirayə məntəqələrinin artırılması, turist və ekskursiyaçıların təbii sərvətlərin, tarixi və mədəniyyət abidələrinin qorunmasında fəal iştirakının təmin olunması həmkarlar, dövlət və təsərrüfat orqanlarına təklif edildi.

Həmin qərarda 1971-1975-ci illərdə bir sıra turist bazalarının, mehmanxanaların, kempinqlərin, turist-sağlamlıq çadır düşərgələrinin yaradılması nəzərdə tutulurdu. Qərarın yerinə yetirilməsi istiqamətində respublikamızda yeni turist bazalarının və mehmanxanaların tikintisinə başlanıldı. 1970-ci ildə Zaqatalada və Şuşada hərəsi 100 yerlik olan turist bazaları, 1973-cü ildə Bakıda 1040 yerlik "Azərbaycan" mehmanxanası, 1975-ci ildə Qəbələdə 342 yerlik "Qafqaz" turist bazası, Nabranda 400 yerlik "Dostluq" turist bazası və Bakıda 342 yerlik "Qarabağ" turist mehmanxanası tikilərək istifadəyə verildi.

1969-cu ildə Sumqayıtda və Naftalanda, 1971-ci ildə Xankəndidə, 1972-ci ildə Mingəçevirdə, 1978-ci ildə Naxçıvanda ekskursiya büroları fəaliyyətə başladı. Kütləvi turist-ekskursiyalar tədbirlərinin keçirilməsinə, bu məqsədlə qatarlardan, dəniz və çay gəmilərindən, təyyarələrdən və avtobuslardan geniş istifadə olunmasına başlanıldı.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bakı şəhərində, respublikamızın digər rayonlarında, turizm bölgələrində geniş quruculuq və abadlıq işləri aparıldı.

Azərbaycanda turizmin inkişaf mərhələsi haqqında daha ətraflı məlumat almaq üçün "-28, +4466" sənədli filmini izləyə bilərsiniz.